A Seriyasının 18-ci turunda "Milan" səfərdə "Kalyari" üzərində 1:0 hesablı qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəlib. Oyunun yeganə qolunu ikinci hissədə Rafael Leao vurub.

Bu qələbə ilə "Milan" A Seriyasında məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb və 38 xalla birinci pilləyə yüksəlib. "İnter" isə 36 xalla ikinci yerdə qərarlaşıb və bazar günü "Bolonya" ilə qarşılaşacaq. "Kalyari" isə 18 xalla 14-cü sırada qalıb.
Matçın ilk hissəsində "Kalyari" daha fəal təsir bağışlasa da, onların yeganə real imkanı Adoponun baş zərbəsi olub, lakin bu zərbəni Mayk Maqnian asanlıqla dəf edib. "Milan" isə hücumda zəif təsir bağışlayıb və əsasən əks-hücumlara bel bağlayıb.
İkinci hissəyə daha hücumameyilli başlayan "Milan" 50-ci dəqiqədə Rabiotun ötürməsi ilə Leao-nun qolu sayəsində önə keçib. Bu qoldan sonra "Kalyari" bərabərlik üçün ciddi imkan yarada bilməyib.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
