Bu gün:

İsrail Qəzzada işğal olunmuş ərazilərə hücumlarını davam etdirir


İsrail ordusu Qəzza zolağında işğal etdiyi ərazilərə hava hücumları və artilleriya atəşi həyata keçirib.

Şahidlərin verdiyi məlumata görə, hücumlar Qəzza zolağının şimal bölgələri, mərkəzdə yerləşən Bureyc qaçqın düşərgəsi və cənubdakı Xan Yunisin şərq hissələrini əhatə edib. İsrail ordusu həm havadan, həm də qurudan bu əraziləri hədəfə alıb.

Şimalda Qəzza şəhərinin şərq hissəsində yerləşən Zeytun və Şucaiyyə məhəllələri artilleriya atəşinə tutulub. Qəzzanın mərkəzi hissəsində isə İsrail hərbi təyyarələri Bureyc qaçqın düşərgəsinin şərqinə hava zərbələri endirib.

Cənubda yerləşən Xan Yunis bölgəsi də artilleriya atəşi ilə hədəfə alınıb. Hücumlar zamanı güclü partlayış səsləri eşidilib.

Məlumata görə, hücumların həyata keçirildiyi ərazilər İsrail ordusunun nəzarətində olan bölgələr olduğu üçün indiyədək ölən və ya yaralananlar barədə məlumat verilməyib.

Qeyd olunur ki, İsrail ordusu Qəzza zolağının cənub və şərq xətlərini, eləcə də şimaldakı geniş əraziləri işğal altında saxlayır. Bu isə Qəzza ərazisinin 50 faizdən çoxunun faktiki olaraq İsrail nəzarətində qalması deməkdir.

Qəzza hökumətinin Media Ofisinin məlumatına görə, İsrail 10 oktyabr 2025-ci ildə HƏMAS-la əldə edilən atəşkəs razılaşmasını pozmağa davam edir. Bildirilir ki, bu müddət ərzində 969 atəşkəs pozuntusu qeydə alınıb və hücumlar nəticəsində 418-dən çox fələstinli həyatını itirib.

Xatırladaq ki, 8 oktyabr 2023-cü ildə başlayan və iki il davam edən İsrailin Qəzza zolağına hücumları nəticəsində 71 mindən çox fələstinli həlak olub, 171 mindən çox insan isə yaralanıb.

https://share.google/IJL7z7fIUOHOsNdjm

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et