Bu gün:

Qabon hökuməti milli futbol komandasının fəaliyyətini dayandırıb


Afrika Millətlər Kubokunda uğursuz çıxışdan sonra Qabon hökuməti futbol üzrə milli komandanın fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Həmçinin komandanın hücumçusu Pyer-Emerik Obameyanq yığmadan kənarlaşdırılıb, baş məşqçi Tyerri Muyouma isə vəzifəsindən azad edilib.

Bu barədə Qabonun idman naziri Simplis-Dezir Mamboula məlumat verib. Bildirilib ki, sözügedən qərarlar dekabrın 31-də Kot-d’İvuar yığmasına qarşı keçirilən və 2:3 hesablı məğlubiyyətlə yekunlaşan oyundan sonra qəbul olunub.

Nazirin sözlərinə görə, Qabon millisi turnir çərçivəsində Kamerun və Mozambik yığmalarına da məğlub olaraq Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda qrup mərhələsini sonuncu pillədə başa vurub. Mamboula komandanın çıxışını “utancverici” kimi qiymətləndirib.

O qeyd edib: "Panterlər’in Afrika Millətlər Kubokundakı qəbuledilməz çıxışını nəzərə alaraq, hökumət məşqçilər heyətini buraxmaq, milli komandanın fəaliyyətini növbəti qərara qədər dayandırmaq və futbolçular Bruno Ekuele Manqa ilə Pyer-Emerik Obameyanqı yığmadan kənarlaşdırmaq qərarına gəlib”.

Qeyd edək ki, Qabon yığması Kot-d’İvuarla oyunda iki top fərqi ilə öndə olmasına baxmayaraq, görüşü məğlubiyyətlə başa vurub. Turnirdən çıxacağı sözügedən qarşılaşmadan əvvəl dəqiqləşən komanda üçün bu nəticə son addım olub.

Xatırladaq ki, keçmiş “Arsenal” və “Çelsi” klubunun hücumçusu Pyer-Emerik Obameyanq son qrup oyununda iştirak etməyib. O, bud nahiyəsindən aldığı zədə səbəbindən müalicə üçün Marsel şəhərinə qayıdıb. Futbolçu açıqlamasında komandanın problemlərinin təkcə fərdi oyunçularla bağlı olmadığını bildirib.

Tyerri Muyouma isə Qabon millisində iki ildən artıq müddətdə baş məşqçi vəzifəsində çalışıb.

Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et