Bu gün:

Rusiyanın Kiyevə hücumu sülh prosesini çətinləşdirib


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə qarşı gecə boyu həyata keçirilən genişmiqyaslı Rusiya hücumunun Moskvanın sülh istəmədiyini açıq şəkildə nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, hücum ABŞ ilə yeni sülh planı üzrə danışıqlara hazırlıq gedən bir vaxtda baş verib.

Təxminən 10 saat davam edən raket və pilotsuz uçuş aparatları ilə hücum nəticəsində iki nəfər həlak olub, 30-dan çox insan yaralanıb. Enerji infrastrukturu zərər gördüyünə görə Kiyevdə və ətraf ərazilərdə yaşayış binalarının 40%-i istiliksiz qalıb.


Rusiya Müdafiə Nazirliyi hücumların Ukraynanın hərbi və enerji obyektlərinə yönəldiyini iddia edib. Zelenski isə Telegram-da paylaşım edərək, demək olar ki, 500 dron və 40 raketin mülki və enerji infrastrukturlarını hədəf aldığını bildirib və bu hərəkətləri Putinin sülhə qarşı mövqeyi kimi qiymətləndirib.


Hücumdan sonra Polşa hava məkanının təhlükəsizliyini gücləndirib, lakin hava məkanının pozulmadığını açıqlayıb. Ukrayna tərəfi isə müttəfiqləri Rusiyanın təcavüzünə qarşı daha sərt addımlar atmağa çağırıb.


Bu fonda Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Floridaya yollanıb. Müzakirə olunacaq 20 maddəlik yeni sülh planına təhlükəsizlik zəmanətləri və müharibənin gələcəkdə təkrarlanmaması üçün tədbirlər daxil edilib. Zelenski bu planı müharibəni bitirmək üçün əsas sənəd kimi dəyərləndirib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et