Bu gün:

Tayland–Kamboca arasında yeni atəşkəs razılaşması əldə olunub


Tayland və Kamboca müdafiə nazirləri birgə bəyanatla iki ölkə arasında dərhal qüvvəyə minən atəşkəsin əldə olunduğunu açıqlayıblar.

Razılaşmaya əsasən, tərəflər mövcud cəbhə xətlərini dondurmaq və sərhəd bölgələrində yaşayan mülki əhalinin evlərinə qayıtmasına şərait yaratmaq barədə razılığa gəliblər. Bu addım nəticəsində təxminən üç həftə davam edən, onlarla insanın həyatını itirdiyi və təxminən bir milyon nəfərin didərgin düşdüyü şiddətli toqquşmalar dayandırılıb.

Atəşkəs şənbə günü yerli vaxtla saat 12:00-da (GMT ilə 05:00) qüvvəyə minib. Bəyanatda bildirilib ki, atəşkəs 72 saat ərzində qüvvədə qalarsa, iyul ayından bəri Tayland tərəfindən saxlanılan 18 Kamboca əsgəri azad ediləcək.

Bu irəliləyiş iki ölkə arasında günlərlə davam edən danışıqlardan sonra əldə olunub. Danışıqlara Çin və ABŞ tərəfindən diplomatik dəstək göstərilib.

Razılaşma, ilk növbədə məcburi köçkünlərin öz evlərinə qayıtmasını prioritet hesab edir və eyni zamanda mina təmizləmə işlərinin aparılmasını da nəzərdə tutur.

Taylandın müdafiə naziri Natthaphon Narkphanit atəşkəsi qarşı tərəfin “səmimiyyətinin sınağı” kimi qiymətləndirib.

“Əgər atəşkəs həyata keçirilməz və ya pozularsa Tayland beynəlxalq hüquqa əsaslanan qanuni özünümüdafiə hüququnu qoruyub saxlayır”, — deyə o, jurnalistlərə bildirib.

Qeyd olunur ki, Tayland əvvəlki atəşkəsin düzgün icra edilmədiyini əsas gətirərək yeni razılaşmaya ehtiyatla yanaşıb. Həmçinin Tayland Kambocanın münaqişəni beynəlxalq səviyyəyə çıxarmaq cəhdlərindən narazı olub.

İyul ayında əldə olunan son atəşkəsdən fərqli olaraq, bu dəfə ABŞ Prezidenti Donald Tramp prosesdə nəzərəçarpacaq şəkildə iştirak etməyib. Bununla belə, ABŞ Dövlət Departamenti danışıqlarda mühüm rol oynayıb.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et