Bu gün:

Zelenski ABŞ nümayəndələri ilə sülh danışıqlarında yeni fikirlər əldə edib


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı apardığı danışıqları müsbət dəyərləndirib. O, Stiv Uitkoff və Jared Kuşnerlə təxminən bir saat davam edən görüşün sülhə yaxınlaşmaq üçün yeni formatlar, görüşlər və vaxt çərçivələri barədə ideyalar verdiyini bildirib.

Zelenski bu açıqlamanı ABŞ və Ukrayna nümayəndələrinin Florida ştatında razılaşdırdığı yenilənmiş 20 maddəlik sülh planının detallarını açıqladıqdan bir gün sonra verib. O, həmçinin ABŞ Prezidenti Donald Trampa və ailəsinə Milad təbriklərini çatdırmağı ABŞ nümayəndələrindən xahiş etdiyini deyib.

Yenilənmiş sülh planında Rusiyanın mümkün gələcək hücumlarına qarşı ABŞ, NATO və Avropa ölkələrinin təhlükəsizlik zəmanətlərinin yer aldığı qeyd olunub. Plana əsasən, Ukrayna qoşunlarının şərqdən qismən çıxarılması və demilitarizasiya zonasının yaradılması müzakirə olunur. Donetsk bölgəsi ilə bağlı isə “azad iqtisadi zona” variantı nəzərdən keçirilir.

Bu müddətdə diplomatik cəhdlər davam etsə də, döyüşlər səngimir. Ukrayna ordusu Rusiyanın Rostov vilayətində mühüm neft emalı zavodunu raketlərlə vurduğunu açıqlayıb. Rusiya isə Donetsk bölgəsində yeni yaşayış məntəqəsini nəzarətə götürdüyünü bildirib.
Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et