Bu gün:

Zelenski: Umerov bu gün Uitkoff və Kuşner ilə danışıqlar aparacaq


24media.az Report-a istinadən xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bu gün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner ilə danışıqlar aparacaq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında Uitkoffla apardığı söhbətin nəticələrini paylaşarkən məlumat verib. Zelenski bildirib ki, tərəflər arasında konstruktiv yanaşma və intensiv əməkdaşlıq mühiti mövcuddur. O, həmçinin Milad bayramı münasibətilə ukraynalılara ünvanlanan xoş sözlərə və təbriklərə görə təşəkkür edib.

Prezidentin sözlərinə görə, görüş zamanı Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin başa çatdırılması, davamlı sülhə nail olunması və bütün razılaşmaların etibarlı mexanizmlərlə təmin edilməsi məqsədilə bir sıra əhəmiyyətli detallara toxunulub, həmçinin ümumi nəticəyə kömək edə biləcək ideyalar müzakirə olunub.

Zelenski vurğulayıb ki, real təhlükəsizlik, ölkənin bərpası və uzunmüddətli sülh təkcə Ukrayna üçün deyil, ABŞ, Avropa və Kiyevə dəstək verən bütün tərəfdaşlar üçün prioritetdir. O, Milad günündə müzakirə olunan razılaşma və təşəbbüslərin gələcək proseslərdə faydalı olacağına ümid etdiyini bildirib.

Qeyd olunub ki, danışıqlarda Rüstəm Umerovla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Andrey Qnatov, xarici işlər naziri Andrey Sibiqa, XİN başçısının birinci müavini, Prezident Ofisinin rəhbərliyi və diplomatik komandanın digər üzvləri də iştirak ediblər.

Səidə Abasova

Paylaş
Şərh əlavə et