Şotlandiya millisinin, həmçinin İngiltərənin “Nottingem Forest” və “Derbi Kaunti” klublarının sabiq futbolçusu Con Robertson 72 yaşında dünyasını dəyişib. Vaxtilə məşhur baş məşqçi Brayan Klaf tərəfindən “oyunumuzun Pikassosu” adlandırılan Robertson futbol tarixində dərin iz qoyan simalardan biri olub.
Bu barədə məlumat BBC nəşri tərəfindən yayılıb. Bildirilib ki, Robertson karyerası ərzində həm klub, həm də milli səviyyədə mühüm uğurlara imza atıb.
Con Robertson 1980-ci ildə Avropa Çempionlar Kubokunun finalında “Nottingem Forest”in Almaniyanın “Hamburq” klubunu məğlub etdiyi görüşdə yeganə qolu vuraraq komandasına titul qazandırıb. Bir il əvvəl isə onun ötürməsindən sonra Trevor Frensis “Malmö”yə qarşı finalda həlledici qola imza atıb.
Şotlandiya millisinin heyətində 28 oyun keçirən Robertson 1981-ci ildə İngiltərəyə qarşı qalibiyyət qolunu vurub, 1982-ci il dünya çempionatında isə Yeni Zelandiyaya qarşı fərqlənib.
Futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik yolunu seçən Con Robertson “Nottingem Forest”dəki sabiq komanda yoldaşı Martin O’Nilin köməkçisi kimi “Vikom Uanderers”, “Norviç Siti”, “Lester Siti”, “Seltik” və “Aston Villa” klublarında çalışıb.
2012-ci ildə nəşr olunan “Supertramp” adlı avtobioqrafiyasında Brayan Klafın ona əvvəlcə “səliqəsiz, formsuz və maraqsız” kimi baxdığı, lakin sonradan onu “braziliyalılar və italyanlar səviyyəsində ötürmələr verə bilən ən yaxşı futbolçulardan biri” adlandırdığı qeyd olunub.
“Nottingem Forest”in sabiq kapitanı Con MakQovern isə Robertsonu “iki ayağını da eyni dərəcədə yaxşı istifadə edən və daha yüksək bacarığa malik Rayan Giqqsə bənzər futbolçu” kimi xarakterizə edib.
Con Robertsonun vəfatı futbol ictimaiyyətində böyük kədər hissi ilə qarşılanıb.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
