Bu gün:

Çin ordusu ölkənin şimalında 100-dən çox əlavə qitələrarası ballistik raket yerləşdirib


Çin Silahlı Qüvvələri ölkənin şimal bölgəsində 100-dən artıq əlavə qitələrarası ballistik raket (QBR) yerləşdirib. 24media.az xəbər verir ki, bu barədə “Reuters” Pentaqonun layihə hesabatına istinadən məlumat yayıb. Məlumata görə, bunlar DF-31 (Dongfeng-31) tipli bərk yanacaqlı qitələrarası ballistik raketlərdir. Raketlərin Çinin Daxili Monqolustan muxtar bölgəsində yerləşdirildiyi bildirilir.


Pentaqon daha əvvəl Çində yeni QBR yerləşdirmə zonalarının inşa edildiyini açıqlasa da, raketlərin sayı ilə bağlı dəqiq məlumat verməmişdi.

Hesabatda bu raketlərin hansı potensial düşmənə qarşı yönəldilə biləcəyi göstərilmir. “Reuters” qeyd edir ki, sənəd Konqresə təqdim edilməzdən əvvəl dəyişdirilə bilər.

Sənəddə bildirilib ki, 2024-cü ildə Çinin nüvə arsenalında 600-dən bir qədər çox döyüş başlığı olub. Bu göstərici əvvəlki illərlə müqayisədə nüvə istehsal tempinin nisbətən azalmasına işarə edir.

Hesabat müəllifləri Çinin 2030-cu ilə qədər nüvə arsenalını 1000-dən çox döyüş başlığına çatdıra biləcəyini vurğulayıblar.

Səidə Abasova

Paylaş
Şərh əlavə et