ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ilhaq etmək istədiyini açıqladıqdan sonra adaya xüsusi nümayəndə təyin edib və bu addım Danimarka ilə yeni mübahisəyə yol açıb.

Tramp dekabrın 21-də Luiziana ştatının Respublikaçı qubernatoru Ceff Landrini Danimarka Krallığına bağlı yarımmuxtar Qrenlandiyanın xüsusi nümayəndəsi vəzifəsinə təyin etdiyini elan edib.
Qubernator Landri "X" sosial şəbəkəsində etdiyi paylaşımda “Qrenlandiyanı ABŞ-nin bir hissəsinə çevirmək məqsədilə bu könüllü vəzifədə çalışmaq mənim üçün şərəfdir” deyə bildirib.
Qrenlandiyanın Baş naziri isə adanın “öz gələcəyinə özü qərar verməli olduğunu və ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini” vurğulayıb.
Trampın bu addımı Kopenhagenin narazılığına səbəb olub. Bildirilir ki, ABŞ-nin Danimarkadakı səfiri izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılacaq.
Danimarkanın xarici işlər naziri Lars Lyokke Rasmussen təyinatı “son dərəcə narahatedici” adlandıraraq Vaşinqtonu Danimarkanın suverenliyinə hörmət etməyə çağırıb.
Rasmussen Danimarkada yayımlanan TV2 telekanalına müsahibəsində bildirib: “Danimarka, Farer adaları və Qrenlandiyadan ibarət Danimarka Krallığı mövcud olduğu müddətdə ərazi bütövlüyümüzü sarsıdan addımları qəbul edə bilmərik”.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
