HƏMAS İsrail Təhlükəsizlik Kabinetinin işğal altındakı İordan çayının qərb sahilində 19 qeyri-qanuni yaşayış məntəqəsinin leqallaşdırılmasını nəzərdə tutan planı təsdiqləməsini “Fələstin torpaqlarının talan edilməsinə yönəlmiş yeni müstəmləkəçi addım” kimi qiymətləndirib.
HƏMAS-ın Siyasi Büro üzvü Harun Nəsirəddin mövzu ilə bağlı yaydığı yazılı açıqlamada bildirib ki, İsrail tərəfindən də qanunsuz hesab edilən yaşayış məntəqələrinin leqallaşdırılması ilhaq siyasətinin möhkəmləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, bu qərar faktiki vəziyyət yaradaraq Fələstin xalqının hüquqi və tarixi haqlarını əlindən almağı hədəfləyir.
Nəsirəddin qeyd edib ki, sözügedən plan məskunlaşanların cinayət xarakterli fəaliyyətlərini legitimləşdirir və İsrailin Fələstin xalqını öz torpaqlarından köçürmək üçün əsas vasitə kimi istifadə etdiyi “yaşayış məntəqələrinin genişləndirilməsi” siyasətindəki israrını açıq şəkildə ortaya qoyur.
Açıqlamada Məscidül-Əqsaya edilən basqınların artmasına da diqqət çəkən HƏMAS rəsmisi bunun Qüdsün yəhudiləşdirilməsinə, eləcə də şəhərin dini və tarixi statusunun dəyişdirilməsinə yönəlmiş sistemli siyasətin bir hissəsi olduğunu vurğulayıb. O əlavə edib ki, Əqsaya basqınlar və yaşayış məntəqələrinin tikintisi "yəhudiləşdirmə" və "hücumçu" siyasətin iki əsas istiqamətini təmsil edir.
Qeyd edək ki, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç və müdafiə naziri Yisrael Katsın təqdim etdiyi 19 yeni qeyri-qanuni yaşayış məntəqəsi ilə bağlı plan Təhlükəsizlik Kabinetində təsdiqlənib. Qərara əsasən, İordan çayının qərb sahili boyunca Fələstin torpaqlarında inşa edilmiş 17 yaşayış məntəqəsi İsrail tərəfindən tanınacaq, həmçinin 2005-ci ildə boşaldılmış “Ganim” və “Kadim” adlı yaşayış məntəqələrinin yenidən qurulması nəzərdə tutulur.
Mənbə: TRT Haber
Tərcümə etdi: Ətirə İbayeva
