Ermənistanın Baş naziri Nikol Paşinyan yük tranzitinin bərpası qərarına görə Azərbaycana təşəkkür edib. 24media.az Report-a istinadən xəbər verir ki, Paşinyan bu barədə Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qəbul edilən qərar region ölkələri üçün yeni imkanlar yaradır və Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verir. Paşinyan Azərbaycanla ticarətin inkişafı, logistik proseslərin təkmilləşdirilməsi və regional iqtisadi dayanıqlılığın gücləndirilməsi baxımından gələcək konstruktiv addımların vacibliyini qeyd edib.
Baş nazir həmçinin iqtisadi proseslərin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması məqsədilə rəqəmsallaşma və tənzimləmə prosedurlarının sadələşdirilməsinin zəruri olduğunu vurğulayıb. O, Ermənistanın xarici ticarətinin şaxələndirilməsi və Aİİ-nin qlobal mövqelərinin gücləndirilməsi üçün İran, BƏƏ, Çin və Hindistan kimi tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə də diqqət çəkib.
Səidə Abasova
