24media.az Report-a istinadən xəbər verir ki, “Media Savadlılığı” Həftəsi çərçivəsində gənclər üçün xarici ekspertlərin iştirakı ilə maarifləndirici təlimlər təşkil olunub.
Medianın İnkişafı Agentliyindən bildirilib ki, təlimlərdə Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin Medialinqvistika və Kommunikasiya kafedrasının müdiri, professor Dilfuza Teşabayeva “Manipulyasiyanın xüsusiyyətləri: süni intellekt kontekstində media məzmunu” mövzusunda çıxış edib. Sessiya zamanı süni intellekt texnologiyalarının media məzmununa təsiri, manipulyativ narrativlərin formalaşması və informasiyanın tənqidi qiymətləndirilməsi yolları iştirakçıların diqqətinə çatdırılıb.Təlim proqramının növbəti hissəsində Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin Media məzmunu və layihələrin koordinasiyası şöbəsinin müdiri Zuxra Yunusova “Rəqəmsal gigiyena və onlayn təhlükəsizlik” mövzusunda təlim keçib. Sessiyada rəqəmsal mühitdə şəxsi məlumatların və hesabların qorunması, sosial şəbəkələrdə mövcud risklər və kiberhücumlara qarşı fərdi müdafiə üsulları müzakirə olunub.
Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, praktiki nümunələr üzərində müzakirələr aparılıb və rəqəmsal mühitdə təhlükəsiz davranışın əhəmiyyəti xüsusi vurğulanıb.
Səidə Abasova
