24media.az Report-a istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın İstanbulda Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüş keçirib.

Türkiyə mətbuatının məlumatına görə, görüş zamanı İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs razılaşması və Qəzza zolağındakı mövcud vəziyyət müzakirə edilib. HƏMAS nümayəndələri bölgədə yaşanan bəzi gərginliklər barədə İbrahim Kalını məlumatlandırıblar.
Danışıqlarda Qəzza üzrə Sülh Planının ikinci mərhələsinə keçid üçün zəruri şəraitin yaradılması, mövcud problemlərin aradan qaldırılması yolları ətrafında məsləhətləşmələr aparılıb. Eyni zamanda, Türkiyənin Qəzzaya humanitar yardım göndərməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə Fələstin dövlətinin yaradılmasının vacibliyi xüsusi qeyd olunub. Bildirilib ki, hər iki tərəf İsrail ilə Fələstin arasında davamlı sülhün yalnız müstəqil Fələstin dövlətinin yaradılması ilə mümkün olduğuna inanır.
Səidə Abasova
