Belçikanın paytaxtı Brüsselin mərkəzində yerləşən “Le Piétonnier” piyada zonasında velosiped və skuterlərin hərəkətinə qoyulacaq məhdudiyyətlər yol təhlükəsizliyi üzrə qurumlar və velosipedçilər tərəfindən kəskin tənqid olunur. Qruplar hesab edir ki, alternativ marşrutlar təhlükəsiz deyil və qərar şəhər hərəkətinə ziddir.

Söhbət şəhərin mərkəzində yerləşən, 2015-ci ildə yaradılmış və avtomobillərin hərəkətinə qadağa qoyulmuş geniş piyada zonasından gedir. Hazırda bu ərazi həm sakinlərin, həm də turistlərin intensiv istifadə etdiyi məkanlardan biridir. Burada insanlar piyada gəzinti edir, açıq hava kafelərində vaxt keçirir, velosiped və skuter istifadəçiləri isə piyada axını ilə yanaşı hərəkət edir.
Şəhər rəhbərliyinin planına əsasən, gələn ildən etibarən piyada zonasında velosiped və skuter sürmək günün böyük hissəsində qadağan ediləcək. İki təkərli nəqliyyat vasitələrinə yalnız səhər saat 04:00-dan 11:00-a qədər hərəkətə icazə veriləcək. Digər saatlarda istifadəçilər nəqliyyat vasitələrini əl ilə aparmalı olacaq, əks halda cərimə tətbiq ediləcək.
Şəhər rəhbərliyi bu qərarı piyada təhlükəsizliyi ilə əsaslandırır. Rəsmilərin sözlərinə görə, mövcud sürət məhdudiyyətlərinə əməl edilməməsi və bəzi kiçik insidentlər, xüsusilə yaşlı insanlar, azyaşlı uşaqları olan ailələr və hərəkət imkanları məhdud şəxslər arasında narahatlıq yaradıb.
Lakin velosipedçilər bu arqumentlərlə razılaşmır. Onların fikrincə, piyada zonasından kənara yönləndirilən alternativ marşrutlar avtomobil, avtobus və digər iri nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçələrdən keçir və bu, xüsusilə uşaqlar üçün daha böyük risk yaradır. Yerli velosiped təhlükəsizliyi qrupları hesab edir ki, problem vaxtında ayrıca velosiped zolağının salınmaması ilə əvvəlcədən qaçılmaz idi.
Qərarın dəqiq nə vaxt qüvvəyə minəcəyi hələlik bəlli deyil. Şəhər şurasında tətbiq mexanizmi ilə bağlı müzakirələr davam edir. Mövzu ətrafında ictimai narazılıq artdıqca, qərarın yenidən nəzərdən keçirilməsi ehtimalı da istisna edilmir.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
