Bu gün:

ABŞ Suriyada İŞİD hədəflərinə genişmiqyaslı hava zərbələri endirib


ABŞ ordusu Suriyada ABŞ hərbçilərinə edilən hücumdan sonra cavab tədbiri olaraq İŞİD-in onlarla hədəfini vurub, əməliyyatın Suriya hakimiyyəti ilə koordinasiyalı aparıldığını bildirib.

ABŞ ordusu Suriyada İŞİD-ə məxsus onlarla hədəfə hava zərbələri endirib. Bu barədə ABŞ rəsmiləri məlumat verib. Zərbələr ötən həftə Suriyada ABŞ hərbi personalına qarşı törədilmiş hücuma cavab olaraq həyata keçirilib.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi hücumların Suriyanın mərkəz bölgələrini əhatə edən genişmiqyaslı əməliyyat olduğunu deyib. ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə paylaşım edərək Suriya hökumətinin bu zərbələri tam dəstəklədiyini və ABŞ-nin “çox ciddi cavab tədbirləri” gördüyünü bildirib.

ABŞ Mərkəzi Komandanlığı açıqlama yayaraq Suriyanın mərkəzində 70-dən çox hədəfin vurulduğunu, əməliyyata İordaniyaya məxsus döyüş təyyarələrinin də dəstək verdiyini bildirib.Zərbələrdən sonra Deyr əz-Zor əyalətində və Suriya səhrasında baş verən partlayışların görüntüləri sosial mediada yayılıb.

Suriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq ölkənin İŞİD-lə mübarizəyə sadiq qaldığını, terror qruplaşmasının Suriya ərazisində təhlükəsiz sığınacaq tapmasına imkan verilməyəcəyini bildirib. Qeyd olunub ki, ABŞ-nin həyata keçirdiyi əməliyyat Suriya hakimiyyəti ilə tam koordinasiyalı şəkildə aparılıb.

ABŞ ordusunun məlumatına görə, ötən şənbə günü Suriyanın mərkəzində yerləşən Tədmür şəhərində ABŞ və Suriya qüvvələrinə məxsus karvana hücum edilib, nəticədə Ayova Milli Qvardiyasının iki üzvü və bir mülki tərcüməçi öldürülüb, daha üç ABŞ hərbçisi yaralanıb. Hücum edən şəxs yerindəcə zərərsizləşdirilib.

Suriya Daxili İşlər Nazirliyi hücumçunun İŞİD-ə simpatiyası olan Suriya təhlükəsizlik qüvvələrinin üzvü olduğunu açıqlayıb.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et