ABŞ Suriyada Amerika qüvvələrinə qarşı törədilən ölümcül hücuma cavab olaraq İŞİD mövqelərinə qarşı kütləvi hərbi əməliyyat həyata keçirib. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, qırıcı təyyarələr, helikopterlər və artilleriya vasitəsilə Suriyanın mərkəzində 70-dən çox hədəf vurulub.

"Centcom"un açıqlamasına görə, əməliyyat zamanı 100-dən artıq yüksək dəqiqlikli sursatdan istifadə edilib və İŞİD-ə məxsus infrastrukturla silah anbarları məhv edilib. Hərbi əməliyyatda İordaniyaya məxsus təyyarələr də iştirak edib.
Prezident Donald Tramp zərbələrin 13 dekabrda Palmira şəhərində baş verən və iki ABŞ əsgəri ilə bir mülki tərcüməçinin ölümü ilə nəticələnən hücuma cavab olduğunu bildirib. O, ABŞ-nin terrorçulara qarşı çox sərt cavab verdiyini vurğulayıb.
Suriya İnsan Haqları Müşahidə Mərkəzi Raqqa və Deyr əz-Zor yaxınlığında İŞİD mövqelərinin vurulduğunu və qruplaşmanın tanınmış üzvlərindən birinin öldürüldüyünü açıqlayıb. İŞİD hadisə ilə bağlı açıqlama verməyib və məlumatlar hələlik müstəqil şəkildə təsdiqlənməyib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
