İranda İsrailin kəşfiyyat xidməti “Mossad” və İsrail ordusu ilə əlaqədə olmaqda ittiham edilən Şahrud Universitetinin memarlıq fakültəsinin tələbəsi Aqil Keşavarz edam olunub.

24Media.az ISNA-ya istinadən bildirir ki, istintaq orqanları onu İsraillə kəşfiyyat əməkdaşlığında, eləcə də hərbi və təhlükəsizlik obyektlərinə dair foto və məlumatların toplanaraq ötürülməsində günahlandırıb.
Verilən məlumata əsasən, Aqil Keşavarzın ailə üzvləri onunla sonuncu dəfə cümə günü Urmiya Mərkəzi Həbsxanasında görüşüblər.
Qeyd olunur ki, Keşavarz iyun ayında İsrail ilə İran arasında baş vermiş 12 günlük silahlı qarşıdurma dövründə saxlanılıb. İranın məhkəmə sistemi tərəfindən “İsrailə casusluq” maddəsi ilə mühakimə edilən tələbə barəsində çıxarılan edam hökmü artıq icra olunub.
Qeyd edək ki, “Mossad” İsrailin əsas xarici kəşfiyyat qurumu hesab olunur və əsas fəaliyyəti xaricdə kəşfiyyat məlumatlarının toplanması, terror təhlükələrinin qarşısının alınması və gizli əməliyyatların icrası ilə bağlıdır.
Sona Osmanova
