Tədbirdə dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

Elm və Təhsil naziri Emin Əmrullayev çıxışında ölkənin elm və təhsil sahəsində əldə olunmuş nailiyyətlərdən, eləcə də gələcək prioritetlərdən bəhs edib. Nazir vurğulayıb ki, elm və təhsil Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və əsas məqsəd yalnız nəzəri biliklərin artırılması deyil, həm də elmin iqtisadiyyat və cəmiyyətlə inteqrasiyasının gücləndirilməsidir.
Nazir bildirib ki, sentyabr ayından etibarən ölkədə tətbiq olunacaq yeni nəsil doktorantura proqramları gənc alimlərə elmi fəaliyyətlərini beynəlxalq standartlara uyğun şəkildə aparmaq imkanı yaradacaq. O, ali təhsildə multidissiplinar yanaşmanın genişləndirilməsini, AMEA-da aparılan struktur islahatlarını, qrant və maliyyə mexanizmlərinin modernləşdirilməsini, startap ekosistemi və texnoparkların inkişafını Azərbaycan elminin potensialını gücləndirən əsas amillər kimi qeyd edib.
Nazir çıxışının sonunda NASCO XXVIII in gənc alimlər üçün elmi nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından mühüm platforma olduğunu vurğulayaraq, konfransın işinə uğurlar arzulayıb.
Fidan İbrahimli
