Bu gün:

Ağdərə və Xankəndidə “Azəriqaz” mediaturu təşkil olunub


SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad edilmiş ərazilərdə qazlaşdırma işlərinin gedişi ilə bağlı media nümayəndələri üçün Ağdərə rayonuna və Xankəndi şəhərinə mediatur təşkil edib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər əvvəlcə Ağdərə rayonunun Vəngli kəndində aparılan qazlaşdırma işləri ilə tanış olublar. Bildirilib ki, mürəkkəb relyefə malik kənddə may ayından başlanan işlər çərçivəsində nəzərdə tutulan 15 min paqonmetr qaz xəttinin artıq böyük hissəsi çəkilib, 130 fərdi ev təbii qazla təmin olunub.

Daha sonra media nümayəndələri Xankəndidə yerləşən Qarabağ Regional Qaz İstismarı İdarəsində görülən işlər barədə məlumatlandırılıblar. Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb və bu proses 6800 abonenti əhatə edir. Mediatur Kərkicahan qəsəbəsində aparılan bərpa və qazlaşdırma işləri ilə tanışlıq və şəhər gəzintisi ilə yekunlaşıb.


Amina Paşazadə

Paylaş
Şərh əlavə et