Polşa İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq piyadalar əleyhinə mina istehsalına başlamağı planlaşdırır. Bu məsələ ölkənin təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində müzakirə olunur.

24Media.az xəbər verir ki, Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski “Reuters”ə müsahibəsində bildirib ki, istehsalı nəzərdə tutulan minaların əsasən ölkənin şərq sərhədlərində yerləşdirilməsi planlaşdırılır. Onun sözlərinə görə, zərurət yaranacağı halda bu minaların Ukraynaya verilməsi də istisna olunmur.
Nazir müavini qeyd edib ki, Varşava bu addımı atmaq üçün piyadalar əleyhinə minaların istehsalını və istifadəsini qadağan edən Ottava Sazişindən çıxmaq imkanını da nəzərdən keçirir. Bildirilib ki, regionda təhlükəsizlik risklərinin artması Polşanı müdafiə tədbirlərini gücləndirməyə vadar edir.
Qeyd edək ki, Ottava Sazişi 1997-ci ildə qəbul edilib və dünyanın əksər ölkələri tərəfindən dəstəklənir. Polşanın bu sazişdən mümkün çıxışı həm regionda, həm də beynəlxalq müstəvidə təhlükəsizliklə bağlı müzakirələri yenidən gündəmə gətirə bilər.
Sona Osmanova
