ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın neft ixracı ilə məşğul olan “kölgə donanması”na qarşı sanksiyaları genişləndirib.

ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu donanma İran nefti və neft məhsullarını gizli və aldadıcı gəmiçilik üsulları ilə xarici bazarlara çıxarır. Yeni məhdudiyyətlər 29 gəmini və onların idarəedici şirkətlərini əhatə edir. Bildirilir ki, həmin gəmilər vasitəsilə yüz milyonlarla dollar dəyərində neft və neft məhsulları daşınıb. Bundan əlavə, misirli iş adamı Hatem Elsaid Farid İbrahim Sakra da sanksiya siyahısına daxil edilib.
ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavin naziri Con Hörlinin sözlərinə görə, Vaşinqton İranın neft satışından əldə etdiyi gəlirlərin ölkənin hərbi və silah proqramlarının maliyyələşdirilməsinə yönəldilməsinin qarşısını almaqda qərarlıdır. O vurğulayıb ki, ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
Talehə Hüseynzadə
