2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması XXI əsrin ən diqqətçəkən astronomik hadisələrindən biri hesab olunur. Xarici mənbələrin yaydığı məlumata görə, tutulma zamanı bəzi bölgələrdə Günəş təxminən 6 dəqiqəyə yaxın tam örtüləcək, nəticədə gündüz saatlarında qısa müddətli qaranlıq yaranacaq.
Astronomların bildirdiyinə görə, bu tutulma öz uzunluğu ilə seçiləcək və xüsusilə Şimali Afrika, Yaxın Şərq və Avropanın cənub hissələrində aydın şəkildə müşahidə olunacaq. Mütəxəssislər bu hadisəni "əsrin ən uzun Günəş tutulmalarından biri" kimi qiymətləndirirlər.
Qeyd olunur ki, tam Günəş tutulması zamanı Ay Günəşin qarşısından keçərək onun işığını tamamilə örtür. Bu zaman hava temperaturunda müvəqqəti azalma, səmanın qaralması və ulduzların görünməsi kimi maraqlı təbiət hadisələri müşahidə olunur.
Astronomlar tutulmanı izləmək istəyənlərə xüsusi qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edir və Günəşə birbaşa baxmağın təhlükəli olduğunu xatırladırlar.
Mənbə: Times of İndia
Tərcümə etdi: Zəhra Məlikova
