Bu gün:

Kriptovalyuta bazarında eniş sürətlənib: “Bitcoin” 86 min dollar səviyyəsinə geriləyib


Qlobal kriptovalyuta bazarında eniş tendensiyası davam edir. Son sutka ərzində bazarın əsas göstəricilərində mənfi dinamika müşahidə olunub.

24media.az xəbər verir ki, kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 1,35% azalaraq 2,91 trilyon ABŞ dollarına enib. Bu, investorların riskli aktivlərə marağının zəiflədiyini göstərir.


Bazar kapitallaşmasına görə lider olan “Bitcoin”in qiyməti son sutkada 0,25%, son 7 gün ərzində isə 4,36% ucuzlaşaraq 86 385 dollar səviyyəsində formalaşıb. Bununla belə, BTC-nin bazar kapitallaşması hələ də yüksək olaraq qalır və 1,72 trilyon ABŞ dolları təşkil edir.


İkinci ən iri kriptovalyuta olan “Ethereum”da eniş daha kəskin olub. ETH son 24 saatda 3,61%, həftəlik isə 12,15% dəyər itirərək 2 823 dollar səviyyəsinə düşüb. Aktivin bazar kapitallaşması 340,8 milyard dollar civarındadır.


Stabil kriptovalyuta kimi tanınan “Tether” (USDT) isə qiymət sabitliyini qoruyub. USDT-nin dəyəri son sutkada cəmi 0,02% azalaraq 0,9994 dollar səviyyəsində qalıb.


Bununla yanaşı, bazarın digər aparıcı kriptovalyutalarında da ucuzlaşma müşahidə edilir. Belə ki, “BNB” 3,23%, “XRP” 4,60%, “Solana” 4,09%, “Dogecoin” 5,18%, “Cardano” isə 4,96% geriləyib.


Mütəxəssislərin fikrincə, kriptovalyuta bazarındakı cari eniş qlobal maliyyə bazarlarında risk iştahının azalması, ABŞ-da pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənliklər və son dövrdə baş verən texniki korreksiya ilə bağlıdır. Eyni zamanda, altkoinlər üzrə satışların artması bazardakı ümumi təzyiqi gücləndirib.


Sona Osmanova

Paylaş
Şərh əlavə et