Bu gün:

Ağdamda traktor minaya düşüb, xəsarət alan var


Ağdam rayonunda mina hadisəsi qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərdən birində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

24media.az xəbər verir ki, hadisə dekabrın 17-də axşam saatlarında Ağdam rayonunun Çəmənli kəndi ərazisində baş verib. Keçmiş təmas xəttinə yaxın, minalardan tam təmizlənməyən sahədə traktorla torpaq işləri aparan Sarıcalı kənd sakini, 1982-ci il təvəllüdlü Qədir Məmmədov tank əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Məlumata görə, yaralı şəxs operativ şəkildə tibbi müəssisəyə çatdırılıb və ona müvafiq yardım göstərilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də qalmaqdadır və bu ərazilərdə kənd təsərrüfatı və digər təsərrüfat işləri yalnız rəsmi icazə və təhlükəsizlik tədbirləri çərçivəsində aparılmalıdır. Mütəxəssislər bildirirlər ki, xüsusilə keçmiş təmas xəttinə yaxın sahələrdə minaların mövcudluğu ciddi risk yaradır.


Rəsmi qurumlar — ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq — vətəndaşları mina təhlükəsi ilə bağlı xəbərdarlıqlara ciddi əməl etməyə çağırır. Bildirilir ki, təhlükəsizlik nişanları olan ərazilərə daxil olmaq, eləcə də minalardan təmizlənməmiş sahələrdə hərəkət etmək həyat üçün ciddi risk yaradır.


Sona Osmanova

Paylaş
Şərh əlavə et