Dünyanın ən məşhur və ən çox ziyarət edilən muzeylərindən biri olan Parisdəki Luvr muzeyinin işçiləri tətili uzatmaq qərarına gəliblər. Muzey rəhbərliyi ilə aparılan danışıqlara baxmayaraq, əməkdaşlar əmək şəraiti və iş yükü ilə bağlı narazılıqlarının hələ də aradan qaldırılmadığını bildiriblər.

Məlumata görə, muzey bu gün qismən fəaliyyətini bərpa etsə də, işçilərin əksəriyyəti tətilin davam etdirilməsinin vacibliyini dəstəkləyib. Tətilin əsas səbəbləri arasında hədsiz turist axını, işçi çatışmazlığı və təhlükəsizliklə bağlı narahatlıqlar göstərilir.
İşçilər bildirirlər ki, son illərdə Luvra gələn ziyarətçilərin sayı kəskin şəkildə artıb, lakin buna baxmayaraq, işçi sayı və iş şəraiti müvafiq şəkildə yaxşılaşdırılmayıb. Bu vəziyyət əməkdaşların üzərinə düşən yükün artmasına səbəb olub.
Muzey rəhbərliyi isə həm işçilərin tələblərini nəzərdən keçirdiyini, həm də muzeyin normal fəaliyyətinin bərpası üçün danışıqların davam etdiyini açıqlayıb. Hazırda Luvrun tam şəkildə nə zaman açılacağı dəqiq məlum deyil.
Mənbə: ksat
Tərcümə etdi: Zəhra Məlikova
