Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayevlə görüşüb.

24media.az bildirir ki, bu barədə Niderland səfirliyinin “Facebook” səhifəsində məlumat verilib.
Məlumata əsasən, görüş çərçivəsində Niderland və Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələri, eləcə də bu münasibətlərin gələcək inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb. Eyni zamanda COP29-un yekunları və əldə olunan nəticələr fonunda əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər su ehtiyatlarının idarə olunması, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı çağırışlar, Abşeron göllərinin bərpası və təmizlənməsi, həmçinin tullantıların idarə edilməsi sahələrində Niderland şirkətləri ilə mümkün əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş zamanı dayanıqlı şəhərsalma və iqlimə davamlılıq üzrə ortaq öhdəliklər də vurğulanıb. Bundan əlavə, Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Niderlandın dövlət və özəl sektor nümayəndələri ilə tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Fatimə Hüseynova
