Bakı Dövlət Universitetinin təşəbbüsü ilə Çinin Hefei şəhərində yerləşən Anhui Universitetində Azərbaycan mədəniyyətinə həsr olunan tədbir keçirilib.
24media.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan mədəni irsinin tanıdılması, eləcə də Azərbaycanla Çin arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin təşviqi olub.
Tədbirin açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev iki ölkə arasında formalaşmış tərəfdaşlıq münasibətlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, mövcud yüksəksəviyyəli qarşılıqlı etimad mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar yaradır. Rektor eyni zamanda BDU tələbələrinin Çində ikili diplom proqramı çərçivəsində beynəlxalq təcrübə əldə etdiyini diqqətə çatdırıb.
BDU və Anhui Universitetinin nümayəndələrinin, eləcə də Azərbaycandan və müxtəlif ölkələrdən olan tələbələrin qatıldığı tədbirin əsas hissəsində BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solisti tərəfindən canlı ifada Azərbaycan və Çin mahnıları səsləndirilib, ölkəmizi əks etdirən videomateriallar nümayiş olunub.
Tədbirin davamında iştirakçılar üçün Azərbaycan çayı və milli şirniyyatlardan ibarət ənənəvi çay süfrəsi təşkil edilib.
Fatimə Hüseynova
