Bu gün:

Son bir ildə ən çox meydanda olan futbolçular açıqlanıb


Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son bir il ərzində klub və milli komandalar səviyyəsində rəsmi qarşılaşmalarda ən çox meydana çıxan futbolçuların siyahısını dərc edib.24media.az qurumun rəsmi məlumatına istinadən xəbər verir ki, fiziki dözümlülük baxımından siyahının ilk pilləsində Paraqvay yığmasının və Braziliyanın “Atletiko Mineyro” klubunun müdafiəçisi Xunior Alonso yer alıb.

İkinci sırada Belçikanın “Brügge” klubunun yarımmüdafiəçisi Hans Vanaken qərarlaşıb. Üçüncü pilləni isə Portuqaliyanın “Benfika” klubunda çıxış edən argentinalı futbolçu Nikolas Otamendi tutur.

2004-cü il və daha sonrakı illərdə doğulan futbolçular arasında isə ən çox meydanda olan oyunçu Niderlandın “AZ Alkmaar” klubunun üzvü Vauter Xous olub. Onun ardınca “Brügge”də forma geyinən ekvadorlu Coel Ordones və Belçikanın “Genk” klubunun futbolçusu Matt Smets gəlir.

Araşdırmanın nəticələrinə görə, ilk 50 futbolçu arasında ən çox təmsil olunan ölkə Kolumbiyadır. Bu ölkədən yeddi oyunçunun siyahıya düşməsi daxili çempionatdakı sıx oyun qrafiki və futbolçuların yüksək fiziki hazırlığı ilə izah edilir.

Hesabatda eyni zamanda daxili turnirlər, beynəlxalq yarışlar və milli komandalar çərçivəsində oynanılan dəqiqələrin bölgüsü də yer alıb. Uzunmüddətli statistikalara əsasən, son iki ilin ən çox oynayan futbolçusu Nikolas Otamendi, son üç ilin lideri Brunu Fernandeş, son dörd və beş ilin zirvəsində isə paraqvaylı Qustavo Qomes qərarlaşıb.


Fatimə Hüseynova 

Paylaş
Şərh əlavə et