24media.az Report-a istinadən xəbər verir ki, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da Bakı Hərbi Məhkəməsində davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs rus dilində tərcüməçi və dövlət hesabına vəkillə təmin olunub. Müdafiə tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsinin şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu bildirib və məhkəmə vəsatəti rədd edib.
Tərəflər məhkəmə istintaqının yekunlaşmasına etiraz etməyib. Prokurorlar çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Növbəti məhkəmə iclası dekabrın 18-nə təyin olunub.
Qeyd edək ki, Ruben Vardanyan sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər ağır maddələr üzrə ittiham olunur.
Səidə Abasova
