BBC ABŞ Prezidenti Donald Trampın 6 yanvar 2021-ci il tarixli çıxışının Panorama sənədli filmində montaj edilməsi ilə bağlı açdığı 5 milyard dollarlıq məhkəmə iddiasına qarşı özünü müdafiə edəcəyini açıqlayıb.

Florida ştatında məhkəməyə təqdim olunan sənədlərə əsasən, Tramp BBC-ni böhtanda və ticarət praktikaları haqqında qanunun pozulmasında ittiham edir.
BBC ötən ay Trampdan üzr istəsə də, kompensasiya tələblərini rədd edib və böhtan iddiası üçün “əsas olmadığını” bildirib.
Trampın hüquq komandası BBC-ni onun çıxışını “qəsdən, zərərli niyyətlə və aldadıcı şəkildə dəyişdirməkdə” ittiham edib.
BBC-nin sözçüsü isə deyib: “Daha əvvəl də açıq şəkildə bildirdiyimiz kimi, bu işi müdafiə edəcəyik”.
O əlavə edib: "Davam edən məhkəmə prosesləri ilə bağlı əlavə şərh verməyəcəyik".
Tramp ötən ay 2024-cü il ABŞ prezident seçkiləri ərəfəsində Böyük Britaniyada yayımlanan sənədli filmə görə BBC-ni məhkəməyə verəcəyini açıqlayıb.
“O sözləri dəyişiblər”, - Tramp jurnalistlərə bildirib. “Düşünürəm ki, bunu etməliyəm”.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
