Bu gün:

Malayziyada yeni incəsənət qalereyası açılıb


Malayziyanın Penang ştatında yeni mədəniyyət məkanı - "Lin Xiang Xiong Art Gallery" rəsmi olaraq fəaliyyətə başlayıb. Qalereya "The Light Waterfront", Gelugor ərazisində yerləşir. Açılış mərasimində dövlət rəsmiləri, sənət adamları və mədəniyyət nümayəndələri iştirak ediblər.

Qalereyanın təsisçisi tanınmış rəssam və humanist professor Lin Xiang Xiongdur. Layihənin əsas məqsədi incəsənət vasitəsilə sülhü, humanizmi və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qalereya həm yerli, həm də beynəlxalq sənətçilər üçün yaradıcı platforma kimi nəzərdə tutulub.

Açılış çərçivəsində "The Vicissitudes of Life" (Həyatın dəyişkənlikləri) adlı ilk sərgi təqdim olunub. Sərgidə müharibə, ekoloji problemlər, yoxsulluq və insan taleyi kimi qlobal mövzuları əks etdirən 99 sənət əsəri nümayiş etdirilir. 

Hazırda qalereya əsasən xüsusi tədbirlər üçün fəaliyyət göstərir. Ümumi ictimaiyyət üçün rəsmi açılış tarixinin yaxın vaxtlarda elan ediləcəyi bildirilir. Gələcəkdə burada beynəlxalq sərgilərin və mədəni tədbirlərin keçirilməsi planlaşdırılır.

Mənbə: Wral

Tərcümə etdi: Zəhra Məlikova




Paylaş
Şərh əlavə et