Bu gün:

Qusarda ağır yol qəzası: iki nəfər ölüb, dörd nəfər xəsarət alıb


Qusar rayonunun Yuxarı Ləgər kəndində baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub. “Report”-un məlumatına görə, 24media.az bildirir ki, KİA markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sərnişinlər 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində həyatını itirib.

Hadisə zamanı sürücü 1962-ci il təvəllüdlü Fariza Vladimirovna Ramaldanova, sərnişinlər 2022-ci il təvəllüdlü əkizlər Arman və Adam Qoşqar oğlu Rəhimovlar, həmçinin 2017-ci il təvəllüdlü Rüstəm Qoşqar oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb olunub. Avtomobildə köməksiz vəziyyətdə qalan bir qadın xilasedicilər tərəfindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Qeyd edək ki, qəzaya düşən şəxslər Bakı şəhər sakinləri olub və bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Səidə Abasova

Paylaş
Şərh əlavə et