Rusiyanın Ukraynadakı iki limana endirdiyi hücumlar nəticəsində üç türk gəmisinə ziyan dəyib. Gəmilərdə baş verən yanğınlar söndürülüb, hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

Zərər çəkən gəmilərdən biri "Cenk Denizcilik" şirkətinə məxsus, 185 metr uzunluğunda Panama bayraqlı ro-ro tipli bərə olub. Gəmi Karasu–Odesa marşrutu üzrə hərəkət edib və təzə tərəvəz, meyvə və digər ərzaq məhsulları daşıyıb. Hücum 12 dekabr saat 16:00-da, gəminin Çornomorsk Limanında lövbər salmasından qısa müddət sonra baş verib.
Ukraynanın İnfrastrukturun İnkişafı naziri Oleksiy Kuleba “X” hesabında bildirib ki, hadisə zamanı insan tələfatı olmayıb. O, Rusiyanın Odesa vilayətində mülki limana raket zərbəsi endirdiyini vurğulayıb.
Hücum Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın dənizə çıxışının kəsilməsi ilə bağlı bəyanatından təxminən bir həftə sonra baş verib. Həmin gün gecə isə Ukraynanın enerji infrastrukturuna qarşı da hücumlar həyata keçirilib.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
