Rusiyanın Ukraynanın enerji şəbəkəsinə etdiyi son hücumlar ölkə üzrə genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Rəsmi məlumatlara görə, bir milyondan çox ev təsərrüfatı işıqsız qalıb. Hücumlar qış mövsümü ərəfəsində vəziyyəti daha da ağırlaşdırır.
Daxili işlər naziri İhor Klimenko 5 regionun zərər gördüyünü və azı 5 nəfərin yaralandığını bildirib. Rusiya yüzlərlə pilotsuz uçuş aparatı və onlarla raketdən, o cümlədən çətin izlənən hipersəs raketlərindən istifadə edib. Zaporojye Atom Elektrik Stansiyası müvəqqəti olaraq xarici elektrik təchizatını itirsə də, sonradan yenidən şəbəkəyə qoşulub. Hücumlar fonunda ABŞ və Avropa müharibənin dayandırılması üçün diplomatik danışıqları davam etdirib. Lakin ərazi məsələsi sülh prosesində ən çətin və mübahisəli mövzu olaraq qalıb. Ukrayna həm hərbi, həm də maliyyə baxımından ciddi çağırışlarla üz-üzədir və beynəlxalq dəstəyə böyük ehtiyac duyur.
Mənbə: BBC News
Tərcümə etdi: Fidan Mənsimova
