Azərbaycan Respulikası Mədəniyyət Nazirliyinin məlumatına əsasən, 24media.az xəbər verir ki, Azərbaycan Respulikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum başa çatıb. Forum çərçivəsində sonuncu panel müzakirəsi "Mədəniyyət beynəlxalq münasibətlər sistemində" mövzusuna həsr olunub.

Mədəniyyət Nazirinin müavini Fərid Cəfərovun moderator olduğu paneldə "Beynəlxalq hüquq və mədəniyyət hüququ arasında qarşılıqlı əlaqə", "Mədəniyyətin beynəlxalq əməkdaşlıqda yumşaq güc kimi rolu" və "Mədəni irsin qorunması və müasir çağırışlar" mövzuları ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Xarici İşlər Nazirliyi Beynəlxalq məhkəmə və arbitraj işləri şöbəsinin müdiri Bədir Bayramov, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədov və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru, BDU Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının professoru Əmir Əliyev qeyd olunan mövzular üzrə çıxış ediblər.
Çıxışlarda beynəlxalq konvensiyaların Azərbaycana münasibətdə tətbiqi məsələləri, ərazilərimizin Ermənistanın işğalı altında olduğu dövrdə mədəni irsimizin dağıdılıb talan edilməsi ilə bağlı UNESCO-nun mövqeyi, dövlətlərin məsuliyyəti və s. məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən beynəlxalq səviyyədə mədəni irsin qorunması məsələlərinə həmişə xüsusi diqqət yetirilib. 2023-cü ildə Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına tərəf ölkələrin 15-ci görüşünün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 tərəf ölkənin yekdil qərarı ilə qəbul edilib.
O da diqqətə çatdırılıb ki, beynəlxalq müstəvidə mədəni irs mövzusu siyasi məqsədlərdən kənar tutulmalı və yalnız humanitar xarakter daşımalıdır.
Məruzəçilər mövzu ətrafında fikir mübadiləsi aparıb, auditoriyanın suallarını cavablandırıblar.
Sonda xatirə şəkilləri çəkdirilib. Bununla da, "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum öz işini başa vurub.
