UNESCO ilk dəfə olaraq bütöv bir milli mətbəxi — İtalyan kulinariyasını “qeyri-maddi mədəni irs” kimi tanıdığını açıqlayıb. Bu qərar ölkənin kulinariya ənənələrinin qorunmasına və “saxta italyan yeməklərinə” qarşı mübarizəsinə dəstək verəcək.

İtaliya öz milli mətbəxinin UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salınan ilk ölkə olub. Baş nazir Corcia Meloni bunun İtaliya üçün “mədəniyyət, ənənə və kimlik” baxımından böyük qürur olduğunu deyib.
Üçillik müraciət prosesindən sonra təsdiqlənən qərar ölkənin yemək yetişdirmə, hazırlama və təqdim etmə ənənələrinin qorunmasına yönəlib. Müraciətin müəllifləri italyan kulinariyasının sadəcə qida deyil, gündəlik həyatın bir parçası olduğunu bildiriblər.
UNESCO statusu həm də “saxta italyan məhsulları” ilə mübarizəyə kömək edəcək. İtaliya uzun müddətdir ki, saxta zeytun yağı, hazır karbonara sousu və italyan adı altında satılan qeyri-italyan məhsullara qarşı mübarizə aparır.
Kənd Təsərrüfatı naziri Lollobrigida bunun məhsulların dəyərini artıracağını, regionlarda yeni iş yerləri yaradacağını bildirib. Meloni isə qərarın İtaliya iqtisadiyyatına əlavə güc verəcəyini deyib. Ölkə artıq ildə 70 milyard avroluq aqrar-ərzaq məhsulu ixrac edir.
İtaliya bundan əvvəl də zəng çalınması, opera ifaçılığı və Napoli pizzasının hazırlanması kimi ənənələri UNESCO siyahısına daxil etdirib. Yeni status isə ölkənin nəsildən-nəsilə ötürülən zəngin kulinariya mədəniyyətinin rəsmi olaraq qorunduğunu təsdiqləyir.
Mənbə: CNN
Tərcümə etdi: Nərmin Məmmədzadə
