Bu gün:

Tramp: “Onun liderləri zəifdir, Avropa çürüyüb"


ABŞ Prezidenti Donald Tramp Politicoya müsahibəsində Avropa Birliyini sərt tənqid edib. O, Birliyi “çürümüş struktur” adlandıraraq Avropa liderlərini zəiflikdə günahlandırıb və immiqrasiya siyasətinin qitəni cinayətkarlığa sürüklədiyini iddia edib. Tramp Macarıstan və Polşanı sərhədlərini möhkəm qoruduqlarına görə nümunə kimi göstərib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu zəiflikdən istifadə edir və NATO daxilində hörmət qazanır.

Müsahibəsində Tramp bildirib: “Avropa yaxşı iş görmür. Çox danışırlar, amma nəticə yoxdur.” O, Avropanı “çürümüş millətlər birliyi” kimi xarakterizə edərək rəhbərlərin qərar qəbul etməkdə aciz qaldığını vurğulayıb.

“Putin zəif Avropa istəyir”

Tramp Avropanın immiqrasiya siyasətini “fəlakət” adlandırıb və qitənin tezliklə tamamilə dəyişəcəyini söyləyib. O, Konqodan və digər ölkələrdən gələn insanların Avropanın demoqrafik strukturunu dəyişdirdiyini iddia edib.

Macarıstan və Polşanı sərt sərhəd siyasətinə görə tərifləyən Tramp, İsveç və Almaniyanın isə nəzarətsiz immiqrasiya səbəbindən ağır cinayətlər fonunda yeni problemlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, bu proses Avropanı daha da zəiflədəcək və Putin bununla maraqlıdır.

“NATO-nun atası”

Tramp Avropa ölkələrini “qanunsuz gələnlərin geri göndərilməsi” ilə bağlı tədbir görməyə çağırıb. O, Viktor Orbana dəstəyini xatırladaraq bəzi Avropa liderlərinə də siyasi dəstək verə biləcəyini deyib. “NATO mənə ‘ata’ deyir. Bunun səbəbi var”, – Tramp bildirib.

Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən danışan Tramp əlavə edib ki, Avropa liderləri Türkiyə Prezidentilə dialoqda çətinlik çəkdiklərini deyir və onun vasitəçiliyinə ehtiyac duyurlar.

“Krım çox gözəldir”

Rusiya–Ukrayna müharibəsinə toxunan Tramp Ukraynanın əlverişsiz vəziyyətdə olduğunu və Prezident Zelenskinin “sülh təklifini oxumadığını” söyləyib. O, Ukraynada seçkilərin keçirilməsinin vacibliyini vurğulayaraq demokratiyanın təmin olunmadığını iddia edib.

Krım mövzusuna toxunan Tramp deyib: “Bu müharibə Krımla başladı. Krım gözəl yerdir. Dörd tərəfdən dənizlə əhatə olunub və isti iqlimə malikdir. Ukraynaya isə yalnız kiçik bir torpaq zolağı ilə bağlıdır. Obama onu Rusiyaya verdi və müharibə də buradan başladı.”

https://www.sozcu.com.tr/trump-butun-avrupa-yi-asagiladi-liderleri-zayif-avrupa-curumus-p268936

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et