Bu gün:

“Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar”


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məlumatına əsasən 24media.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” mövzusunda elmi-praktiki beynəlxalq konfrans keçirilib.

Salamlama nitqi ilə çıxış edən ARTİ-nin direktoru səlahiyyətlərini icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev konfransın məqsədi barədə məlumat verib. Bildirib ki, konfransın keçirilməsində əsas məqsəd ümumi təhsil sistemində keyfiyyətin artırılması istiqamətində həyata keçirilən islahatların, beynəlxalq təcrübələrin və yeni yanaşmaların müzakirəsi, həmçinin məktəb liderləri, inspektorlar və təhsil mütəxəssisləri arasında peşəkar dialoqun gücləndirilməsidir. 

 

Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə ümumi təhsildə keyfiyyətin artırılmasının dövlətin uzunmüddətli inkişaf strategiyasındakı mühüm rolundan bəhs edib. O bildirib ki, məqsədyönlü və məntiqli şəkildə icra olunan islahatlar Azərbaycan təhsilini yeni və yüksək transformasiya mərhələsinə hazırlayıb. Nazir müavininin sözlərinə görə, bu gün təhsil sahəsində aparılan dəyişikliklərin nəticələri artıq yalnız sənəd və strategiyalarda deyil, məktəblərdə, sinif otaqlarında və insanların real həyatında müşahidə olunur. 


Kənan Kərimzadə qeyd edib ki, son 20 il ərzində ölkə başçısının diqqət və qayğısı nəticəsində həyata keçirilən proqramlar çərçivəsində ölkə ərazisində 3600-dən çox ümumi təhsil müəssisəsi ya yenidən inşa edilib, ya da əsaslı şəkildə təmir olunub. Görülən bu işlərin nəticəsində 1,3 milyondan çox şagirdimizin təlim və təhsil şəraiti yaxşılaşdırılıb. O bildirib ki, ölkənin 400-dən çox məktəbində müasir metodik xidmətin tətbiqinə başlanılıb. 2000-dən çox məktəbdə yenilənmiş monitorinqlər aparılır. Eyni zamanda, 80 mindən çox müəllimin sertifikatlaşdırılması həyata keçirilib. 


Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin bir hissəsinin əməkhaqqı 35%, digər hissəsinin isə 10% artırılıb.

Çıxışının sonunda təhsilin məqsədinin artıq öyrənmək və öyrətmək olduğunu vurğulayan Kənan Kərimzadə bu konfransın təkcə bilik mübadiləsi ilə bitməyəcəyinə inandığını vurğulayıb və əlavə edib ki, təhsildə keyfiyyət mütləq tamamlanmalı, qorunmalıdır. 


Rəna Qarayeva

Paylaş
Şərh əlavə et