Tayland–Kamboca sərhədində baş verən ən son toqquşmalar gərginliyi yenidən artırıb. Hər iki tərəf atəşkəsi pozmaqda bir-birini günahlandırıb. Döyüşlər nəticəsində ən azı beş nəfərin həlak olduğu bildirilib.

Taylandın Baş naziri ölkəsinin zorakılıq istəmədiyini deyib, lakin suverenliyi qorumaq üçün lazımi addımlar atılacağını vurğulayıb. Kambocanın keçmiş lideri isə taylandlı qüvvələri “işğalçı” adlandırıb və cavab tədbirlərinin zəruri olduğunu qeyd edib.
Artan gərginlik sərhəd bölgəsində yaşayan əhaliyə ağır təsir göstərib. Minlərlə sakin evlərini tərk edərək təhlükəsiz yerlərə sığınmaq məcburiyyətində qalıb. Onların arasında uşaqların təhsildən geri qalması ilə bağlı narahatlıqlar da artıb.
Beş Tayland vilayətində ümumilikdə təxminən 650 məktəb bağlanıb. Kambocada isə valideynlər övladlarını məktəblərdən təcili çıxarıb. Bəzi uşaqlar sığınacaqlarda dərs davam etdirməyə çalışıb.
Gərginlik daha əvvəl imzalanmış atəşkəs razılaşmasına baxmayaraq yenidən alovlanıb. Sərhəd bölgəsindəki yüzillik mübahisə tərəflər arasında münasibətləri bir daha gərginləşdirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
