Londonda bir qrup şəxs bir neçə nəfərə bibər qazına bənzəyən maddə çiləyib. Hadisə Avropanın ən işlək və sərnişin axınına görə dünyanın ən böyük hava limanlarından biri olan Hitrou limanının 3-cü terminalının yaxınlığındakı dayanacaqda baş verib.

Polisə bazar günü səhər saat 8 radələrində zəng edildiyi bildirilib.
"Biz hadisə yerinə bir neçə ekipaj göndərdik və 21 xəstəni müalicə etdik, – London Təcili Yardım Xidməti deyib, – Beş xəstə xəstəxanaya çatdırılıb. Təcili yardım xidməti saat 10:58-də hadisə yerini tərk edib".
Polisin məlumatına görə, qurbanların xəsarətləri "həyatı üçün təhlükə yaratmayıb".
Polis sözçüsü Peter Stevens: "Biz inanırıq ki, insident bir-birini tanıyan və mübahisəyə qarışan bir qrup şəxslə əlaqəli olub, nəticədə bir neçə yaralanıb".
Hücum etməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
