Bu gün:

Dörd ölkə Avroviziya 2026-nı boykot edir


İrlandiya, İspaniya, Sloveniya və Niderland 2026-cı il Avroviziya Mahnı Müsabiqəsini boykot edəcək. Bu qərar bir sıra iştirakçı yayım təşkilatlarının Qəzzadakı müharibəyə görə İsrailin kənarlaşdırılması tələblərinə baxmayaraq, ölkəyə tam iştirak icazəsi verilməsindən sonra qəbul olunub.

Müsabiqəni təşkil edən Avropa Yayım Birliyi (EBU) baş assambleyasında cümə axşamı günü İsrailin iştirakı ilə bağlı səsvermə keçirilməyib. Bunun əvəzinə, iştirakçı yayım təşkilatları hökumətlərin və üçüncü tərəflərin səsverməyə təsirini əngəlləmək məqsədilə yeni qaydaların tətbiqi üçün səs veriblər. EBU bəyan edib ki, üzvlərin böyük əksəriyyəti əlavə səsverməyə ehtiyac olmadığını və Avroviziya 2026-nın planlaşdırıldığı kimi təhlükəsizlik tədbirləri ilə davam edəcəyini qəbul edib.

İrlandiyanın yayım təşkilatı RTÉ müsabiqədə iştirak etməyəcəyini və ya müsabiqəni yayımlamayacağını açıqlayıb. RTÉ bildirib ki, Qəzzada baş verən humanitar böhran və mülki vətəndaşların təhlükədə olması İrlandiyanın iştirakını vicdansız edir.

İspaniyanın RTVE yayım təşkilatı isə gələn il Vyanada keçiriləcək müsabiqəni və yarımfinalları yayımlamayacağını bildirərək qərar qəbul etmə prosesini “qeyri-kafi” və etibarsız adlandırıb. İspaniyanın mədəniyyət naziri Ernest Urtasun boykotu dəstəkləyərək mədəniyyətin sülh və ədalət tərəfdə olmalı olduğunu vurğulayıb.

Niderlandın Avrotros yayım təşkilatı da gələn ilki müsabiqədən geri çəkiləcəyini açıqlayıb. “Mövcud şərtlər təşkilatımızın ictimai dəyərləri ilə uzlaşmır”, – deyə bəyanatda bildirilib. Sloveniyanın RTVSLO təşkilatı iştirakın “sülh, bərabərlik və hörmət dəyərləri ilə ziddiyyət təşkil edəcəyini” qeyd edib.

Buna baxmayaraq, BBC müsabiqəni yayımlayacağını, Almaniyanın SWR yayım təşkilatı isə iştirak edəcəyini təsdiqləyib. Norveç, İsveç, Finlandiya, Danimarka və İslandiyanın yayım təşkilatları da Avroviziya 2026-ya dəstək verəcəyini açıqlayıb.

İsrail prezidenti İsaak Hersoq ölkəsinin iştirak qərarını alqışlayaraq İsrailin dünyanı təmsil etməyə layiq olduğunu bildirib. Avstriyada keçiriləcək 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi bu il Avstriyalı müğənni JJ-nin qələbəsindən sonra Vyanada təşkil olunacaq.

Qeyd edək ki, 2022-ci ildə Ukraynaya qarşı işğaldan sonra Rusiyanın Avroviziyada iştirakı qadağan edilib. İsrail isə 1973-cü ildən bəri dörd dəfə qalib gəldikdən sonra iştirakla bağlı mübahisələrə baxmayaraq, son iki ildə yarışmada iştirak edib.

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et