Bu gün:

Dysonla bağlı mühim qərar verilib


Türkiyənin Rekabet Kurumu (Antiinhisar Qurumu) dünyaca məşhur texnologiya və məişət texnikası istehsalçısı olan Dyson şirkəti barəsində rəsmi araşdırmaya başladığını açıqlayıb.

Qurumun verdiyi məlumata görə, araşdırma əsasən Dyson-un Türkiyə bazarında satdığı məhsulların paylanması, satış şərtləri və rəqabət qaydalarına uyğunluğu ilə bağlıdır. İddialara əsasən, şirkət müəyyən distribütorlar və satış kanalları üzərində məhdudlaşdırıcı praktikalara yol verə bilər.

Araşdırmaya səbəb kimi Dyson-un tətbiq etdiyi “seçici paylayıcı sistemi” göstərilir. Bu sistem çərçivəsində yalnız müəyyən kriteriyalara cavab verən satıcıların Dyson məhsullarını satmasına icazə verildiyi bildirilir. Rekabet Kurumu hesab edir ki, bu yanaşma bazarda azad rəqabəti məhdudlaşdıra, bəzi satıcıların bazardan kənarlaşdırılmasına və istehlakçıların seçim imkanlarının daralmasına səbəb ola bilər. Eyni zamanda, parallel idxalın qarşısının alınması və satış qiymətlərinə dolayı nəzarət edildiyi ilə bağlı da şübhələr mövcuddur.

Araşdırma süpürgələr, saç fenləri, hava təmizləyiciləri və digər texnoloji məişət cihazlarını əhatə edir. Qurum hazırda şirkətin Türkiyədəki distribütorları ilə bağladığı müqavilələri, satış şərtlərini və bazar davranışını detallı şəkildə təhlil edir. Bildirilir ki, bu proses çərçivəsində həm şirkətdən, həm də bazarda fəaliyyət göstərən digər tərəflərdən sənədlər və izahatlar tələb olunub.

Rekabet Kurumu, xüsusilə vurğulayıb ki, araşdırmanın başlanması hələlik Dyson-un günahkar olduğu mənasına gəlmir. Bu mərhələ yalnız ilkin hüquqi qiymətləndirmə mərhələsidir və yekun qərar araşdırmalar tam başa çatdıqdan sonra veriləcək. Əgər şirkətin rəqabət qanunvericiliyini pozduğu sübuta yetirilərsə, ona ciddi maliyyə sanksiyaları tətbiq oluna bilər.

Mütəxəssislərin fikrincə, bu araşdırma təkcə Dyson üçün yox, ümumilikdə Türkiyə texnologiya və məişət texnikası bazarı üçün də mühüm əhəmiyyət daşıyır. Çünki nəticələr gələcəkdə digər iri şirkətlərin satış siyasətlərinə və distribütorlarla münasibətlərinə də təsir göstərə bilər. Eyni zamanda, istehlakçıların hüquqlarının qorunması və bazarda ədalətli rəqabətin təmin olunması baxımından bu cür araşdırmalar vacib hesab olunur.

Mənbə: Haberglobal

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et