Bu gün:

TDT Baş katibi və Türkiyə naziri ilə görüş keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, 24Media xəbər verir ki, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüş olub.



Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev Türk dövlətləri arasında sosial sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində TDT Katibliyinin fəaliyyətini yüksək qiymətləndirib. Nazir, Təşkilata üzv dövlətlərin nazirlərinin Azərbaycanda keçirilən ilk iclasının əhəmiyyətini vurğulayaraq, son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını qeyd edib və əməkdaşlığın genişlənməsinə hazır olduğumuzu bildirib.


Kubanıçbek Ömüralıyev Türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edərək, TDT Katibliyinin bu prosesə bundan sonra da dəstək verəcəyini bildirib.


Nazirlikdə, həmçinin, iclasda iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla görüş keçirilib. Anar Əliyev Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə iki ölkə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib və əlaqələrin sosial sahələrdə də uğurla inkişaf etdiyini bildirib.


Vedat İşıkhan iki Nazirlik arasında uğurlu əməkdaşlığın TDT çərçivəsində daha da genişlənəcəyini vurğulayaraq, Bakıda “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən birinci iclasın xüsusi önəmini qeyd edib.


Görüşlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.


Asiya Zeynallı

Paylaş
Şərh əlavə et