Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məlumatına əsasən 24media.az istinad edir ki, Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda, Naxçıvan Dövlət Universitetində təşkil edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın prezidenti İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva və digər tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini anıblar.
Tədbir çərçivəsində Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzinin açılışı olub.
Mərkəzdə “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgiyə baxış olub. Akademik və ensiklopedik nəşrlərin üstünlük təşkil etdiyi sərgidə alimin həyat və elmi fəaliyyətini özündə əks etdirən və məqalələrindən ibarət 4 dildə - Azərbaycan, rus, ingilis və macar dillərində kitablar, jurnallar, eyni zamanda, qəzet materialları yer alır.
Tədbir iştirakçıları mərkəzdə fəaliyyət göstərən laboratoriyalarla tanış olub və həyata keçirilən təcrübələri izləyiblər.
Universitetin Konservatoriya binasında davam etdirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq bildirib ki, görkəmli kimyaçı alim, dünyaşöhrətli akademik Yusif Məmmədəliyevin miras qoyduğu elmi ənənələr bugünkü tədqiqatçılar üçün də mühüm mayakdır. Bu mayak yüzlərlə elm adamının yoluna işıq saçıb. Ümummilli lider Heydər Əliyevin yüksək dəyər verdiyi Yusif Məmmədəliyev irsi bu gün Naxçıvan Dövlət Universitetində də ətraflı tədqiq olunur, gənc nəslə aşılanır.
Tədbir çərçivəsində universitetin heykəltəraş müəllimi Elxan Zeynalov tərəfindən hazırlanmış barelyef və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun çəkdiyi “Akademik Yusif Məmmədəliyev” portreti akademikin qızı Sevda Məmmədəliyevaya təqdim edilib.
Rəna Qarayeva
