ABŞ xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvada Vladimir Putinlə beş saatlıq görüşdən sonra Ukraynanın Təhlükəsizlik Şurasının rəhbəri Rustem Umerovla Floridada danışıqlar aparacağı təsdiqlənib. Kremlin danışıqlarda kompromis əldə olunmadığını deməsinə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp prosesi “yaxşı keçib” kimi dəyərləndirib.

Putin Donbasdan Ukrayna qoşunlarının çıxarılmasının hələ də əsas şərt olduğunu bildirib və “ya güclə azad edəcəyik, ya da Ukrayna ordusu oradan çıxacaq” fikrini səsləndirib. Ukrayna rəsmiləri isə Rusiyanın vaxtı uzatdığını və real addım atmadığını deyib.
Ukraynanın ABŞ-dəki səfiri danışıqlarda böyük irəliləyiş olmadığını, lakin prosesin davam etdiyini qeyd edib. Prezident Zelenski dünyanın müharibəni bitirmək üçün imkan gördüyünü, bunun isə Rusiyaya artan təzyiq ilə mümkün ola biləcəyini vurğulayıb.
Moskva görüşlərində NATO məsələsi də müzakirə olunub. Rusiya Ukraynanın NATO-ya daxil olmasına sərt etiraz edib, ABŞ isə bunun danışıqlarda əsas mübahisə mövzusu olduğunu bildirib. Bu vəziyyət sülh razılaşmasına nail olmağın hələ də çətin olduğunu göstərib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
