Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Avropa İttifaqının (Aİ) Ukrayna tərəfindən dondurulmuş Rusiya aktivlərindən istifadə etməsi “müharibə aktı” kimi qiymətləndirilə bilər.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram hesabında Aİ Komissiyasının Rusiya aktivlərini Ukraynaya təqdim etmək planını şərh edib. Medvedev: “Aİ Belçikada təzminat kreditləri adı altında dondurulmuş Rusiyanın aktivlərini oğurlamağa cəhd etsə, Rusiya bu addımı Brüssel və Aİ üçün bütün nəticələri ilə casus belli (müharibə səbəbi) kimi qiymətləndirə bilər”,-deyib.
O həmçinin qeyd edib ki, bu aktivlərin gələcəkdə qaytarılması "məğlub edilən düşmənlərdən real təzminat" hesabına ödənilə bilər.
Aİ Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kredit üçün girov kimi istifadə etmək ideyasını nəzərdən keçirir. Plan Ukraynaya 140 milyard avro kreditin verilməsini nəzərdə tutur ki, Ukrayna bunu yalnız Rusiya müharibə təzminatını ödədiyi halda ödəyəcək. Belçikanın Baş naziri Bart De Vever Ukraynaya kreditin girovu kimi əsasən ölkədə yerləşən və sanksiyalar altında hərəkətsiz qalan Rusiya aktivlərinin istifadəsi üçün risklərin bölüşdürülməsi, birgə fəaliyyət və aydın hüquqi bazanın zəruri olmasını şərtləndirib.
Bu arada Rusiya bəyan edir ki, Brüsseldəki "Euroclear"da saxlanılan dondurulmuş aktivlərinə həbs qoyularsa, Belçika məsuliyyət daşıyacaq.
Avropa Mərkəzi Bankı (AMB) həmçinin Aİ-nin təzminatlı kredit planının beynəlxalq bazarlarda avroya inamı sarsıda biləcəyindən narahatdır. Bu məsələnin dekabrın 18-də Brüsseldə keçiriləcək Aİ Liderlərinin Sammitində müzakirə ediləcəyi gözlənilir.
Mənbə: Hürriyet
Tərcümə etdi: Banuçiçək Qurbanova
