Son danışıqlar Vladimir Putinin hələ sülh razılaşmasına hazır olmadığını göstərir. Moskvada ABŞ nümayəndəsi Stiv Vitkoff və Donald Trampın müşaviri Cerəd Kuşnerlə keçirilən beş saatlıq görüşdən sonra Kremlin müşaviri Yuri Uşakov kompromis variantın tapılmadığını bildirib.

Putin son günlər sərt açıqlamalarla diqqət çəkir. O, Ukrayna rəhbərliyini “oğru xunta” adlandıraraq Avropa liderlərini sülh prosesini pozmaqda ittiham edir və rus ordusunun döyüşdə təşəbbüsə sahib olduğunu iddia edir. Rus mediası onu hərbi geyimdə cəbhə xəritələrinə baxarkən təqdim edərək lider obrazını gücləndirməyə çalışıb.
Dörd illik müharibənin ağır itkilərinə baxmayaraq, Putin özünü üstün tərəf kimi göstərməyə davam edir. Analitiklərə görə, o, Qərbə dayanmayacağı mesajını verir. Lakin ölkədə iqtisadi təzyiq artır: neft–qaz gəlirləri azalır, büdcə kəsiri böyüyür. Putin özü də istehsalda geriləmələrin olduğunu etiraf edib.
Belə bir məqamda isə yeni sual yaranır: iqtisadi problemlər nə vaxtsa Kremlin müharibə strategiyasına təsir edəcəkmi?
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
