ABŞ Prezidenti Donald Trampın verdiyi əfv qərarından sonra Hondurasın sabiq prezidenti Xuan Orlando Ernandes ABŞ həbsxanasından azad edilib. Federal məhbusların onlayn qeydiyyat məlumatlarına görə, o, bazar ertəsi Qərbi Virciniyadakı yüksək təhlükəsizlik səviyyəli USP Hazelton həbsxanasından buraxılıb.

Ernandes 2024-cü ilin martında ABŞ-yə kokain idxalını təşkil etməkdə və avtomat silah saxlamaqda təqsirli bilinmiş, 45 il həbs cəzasına məhkum edilmişdi. Tramp cümə günü verdiyi açıqlamada sabiq prezidentin “çox sərt və ədalətsiz şəkildə mühakimə edildiyini” bildirmişdi.
Ernandesin həyat yoldaşı Ana Qarsiya de Ernandes çərşənbə axşamı sosial şəbəkədə Trampa təşəkkür edərək ərinin artıq “azad insan” olduğunu yazıb.
Honduras Milli Partiyasının üzvü olan Ernandes 2014–2022-ci illərdə ölkənin prezidenti vəzifəsini icra edib. O, 2022-ci ilin aprelində ABŞ-a ekstradisiya edilmiş və Nyu-Yorkda keçirilən məhkəmə prosesində ölkəni “narkodövlət” kimi idarə etməkdə, yüzlərlə ton kokainin ABŞ-yə daşınmasına şərait yaratmaqda və narkobaronlardan milyonlarla dollar rüşvət almaqda ittiham olunaraq, həbs olunmuşdur.
Mənbə: BBC
Tərcümə etdi: Nuray Ədilzadə
