Daxili İşlər Nazirliyinin verdiyi məlumata istinadən, 24media xəbər verir ki, Antiterror tədbirləri zamanı şəhid olan polis və daxili qoşunların əməkdaşlarının əziz xatirəsinə həsr olunan idmanın cüdo növü üzrə Daxili İşlər Nazirliyinin açıq çempionatı keçirilib.

DİN-in İdman Cəmiyyəti və Əlahiddə Çevik Polis Alayının (ƏÇPA) təşkilatçılığı ilə keçirilən turnirdə polis əməkdaşları ilə yanaşı, digər dövlət orqanlarının xüsusi rütbəli əməkdaşları da güclərini sınayıblar.
Yarışı izləyənlər arasında şəhidlərin ailə üzvləri, onların valideynləri, övladları, dövlət qurumlarının yüksək rütbəli əməkdaşları, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri və digər qonaqlar da olublar. Yarışdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Şəhid ailələrinin nümayəndələri Vətən uğrunda canlarını fəda etmiş oğullarının əziz xatirələrinin həmişə uca tutulduğunu və onların daim ölkə rəhbərliyinin xüsusi qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.
Daha sonra yarışlara start verilib. Qalib idmançılar medal, fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər. DİN-in cüdo komandası çempionatın yekununda qalib gəldiyi üçün xüsusi kubokla təltif edilib.
Asiya Zeynallı
